Amerikalı müğənni Lance Bass *NSYNC qrupunun ən məşhur dövrlərində gündəlik cəmi 35 dollar qazandığını açıqlayıb.

Dergi.az xəbər verir ki, “The Zach Sang Show”da danışan 47 yaşlı müğənni qrupun uğurları ilə qazancının uyğun olmadığını bildirib. O, ilk maaşlarının illərlə birinci yerdə olan albomlar və satılan turların ardından 10 min dollar olduğunu qeyd edib.

Bass, Justin Timberlake, JC Chasez, Chris Kirkpatrick və Joey Fatone ilə birlikdə məşhurlaşsa da, qrupdan varlanmadığını vurğulayıb. O, qrupun fasiləsindən sonra daha çox qazanc əldə etdiyini bildirib.

Müğənni pulun əksəriyyətinin “etiket” və mərhum menecer Lou Pearlman tərəfindən alındığını iddia edib. Pearlman 2008-ci ildə maliyyə fırıldaqları ilə əlaqədar məhkum edilib və 2016-cı ildə həbsxanada ölüb.

Bass, qrupun maliyyə məsələləri ilə bağlı əvvəllər də danışıb və məşhur olduqlarını, amma zəngin olmadıqlarını deyib.