Amerikalı müğənni Mayli Sayrus 28 yaşlı musiqiçi Maks Morando ilə beş illik münasibətdən sonra evlənib.
Dergi.az xəbər verir ki, toydan ilk görüntüləri “People” yayımlayıb. Mərasim Palm-Springsdə, əvvəllər Frank Sinatraya məxsus olan malikanənin həyətində baş tutub.
Tədbirin aparıcısı “The Flaming Lips” qrupunun solisti və gəlinin uzun müddətli dostu Ueyn Koyn olub. Mayli ağ rəngli, açıq arxalı və atlas ətəkli gəlinlik seçib, Maks isə klassik qara smokinq geyinib. Cütlük hovuz kənarında ağ güllərdən ibarət tağ altında and içərək göz yaşlarını saxlaya bilməyib.
Təxminən 140 qonaq dəvət olunub və onlardan qara rəngdə geyinmək tələb edilib. Qonaqlar arasında Maylinin valideynləri də olub: atası Billi Rey Sayrus aktrisa Elizabet Hərli və oğlu Damianla, anası Tiş Sayrus isə 2023-cü ildə evləndiyi aktyor Dominik Persell ilə iştirak edib. Maylinin bacısı Noa da mərasimdə olub.
Mayli və Maks 2021-ci ildə kor görüşdə tanış olub. Onlar ilk dəfə həmin ilin noyabrında Los-Ancelesdə Gucci nümayişində bir yerdə görüldü və cütlüyün nişanlandığı 2025-ci ilin dekabrında məlum oldu. Maks, Kiotoya birgə səfərləri zamanı Mayliyə evlilik təklifi etdiyini bildirib.
Mayli daha əvvəl aktyor Liam Hemsvort ilə evli olub. Onlar 2018-ci ildə on illik münasibətdən sonra evləndilər, lakin bir il sonra Liam boşanma ərizəsi verdi.
