Rusiyalı bloqer və biznesmen Dmitri Portnyagin qanunsuz yolla əldə edilmiş pulların leqallaşdırılması işi üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Dergi.az xəbər verir ki, 38 yaşlı Portnyagin 15 milyon 308 min rubl məbləğində vəsaitin xüsusilə külli miqdarda leqallaşdırılmasında təqsirli bilinib. Məhkəmə ona əlavə olaraq 800 min rubl cərimə də kəsib və bloqer hökm elan olunduqdan sonra məhkəmə zalında həbs edilib.

Portnyaginin həyat yoldaşı Yekaterina Portnyagina isə 8 il müddətinə azadlıqdan məhrum edilib və 3,5 milyon rubl cərimələnib. Lakin onun cəzasının icrası övladlarının 14 yaşına çatmasına qədər – 2034-cü ilə qədər təxirə salınıb.

İş üzrə Portnyaginlərin keçmiş biznes ortağı Aleksey Nikolayev də təqsirləndirilən şəxs olub. O, 2 il şərti həbs cəzası və 400 min rubl cərimə alıb.

Məhkəmə cəzanı yüngülləşdirən hallar kimi ər-arvadın ağır xəstəliyi olan oğlunun və Yekaterinanın xərçəng xəstəsi olan anasının himayəsində olmasını nəzərə alıb.

Qeyd edək ki, istintaqın versiyasına görə, Portnyaginlərin vergi borcu 124 milyon rubldan çox, penya və cərimələr isə 64 milyon rubl təşkil edib. Həmçinin onların üçüncü şəxslərin hesablarına 91 milyon rubldan çox vəsait köçürə biləcəyi bildirilmişdi.

Portnyagin isə pul yuyulması ittihamını qəbul etmirdi. Onun vəkili bildirib ki, sözügedən gəlirlərdən vergi ödənildiyi üçün həmin vəsaitlərin cinayət yolu ilə əldə edilməsi mümkün deyil.