Rusiyalı bloqer Saşa Markina Oksana Samoylova və qızı Arielanın müsahibəsindən sonra öz ailəsində yaşadığı faciədən danışıb.
Dergi.az xəbər verir ki, 33 yaşlı Markina anasının psixoloji problemlər yaşadığını və ögey atasının onu öldürdüyünü açıqlayıb.
Bloqer bildirib ki, hadisə onun 17 yaşı olarkən baş verib. Həmin vaxt Markinanın qardaşlarının beş yaşı belə olmayıb.
“Adətən müsahibələrə, səs-küylü işlərə və digər məsələlərə şərh vermirəm. Amma bu dəfə susa bilmərəm. Mən də eyni psixoloji problemləri olan ana ilə və sonda onu öldürən ögey ata ilə yaşamış insanam”, – deyə Markina yazıb.
O, belə vəziyyətləri görən böyüklərin və yaxınların ailədaxili problemlərə göz yummasının uşaqlar üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Markina xüsusilə zorakılıq qurbanlarının müdafiəsiz vəziyyətinə diqqət çəkib və bildirib ki, belə hallarda uşaqların təhlükəsizliyi və qadının müdafiəsi üçün konkret addımlar atılmalıdır.
“Zorakılıq qurbanlarının onsuz da əlləri yanlarına düşüb. Belə bir rezonansdan sonra da qadının və uşaqların xeyrinə heç nə baş verməsə, bu müdafiəsiz əlləri daha hara endirmək olar?” – deyə bloqer qeyd edib.
Qeyd edək ki, Markina daha əvvəl ailəsinin rifah baxımından çətin vəziyyətdə olduğunu, onu əsasən nənəsinin böyütdüyünü və anasının işləmədiyini açıqlayıb. O, 2019-cu ildən cüdo üzrə dünya çempionu və biznesmen Andrey Kupreyevlə evlidir. Cütlüyün üç övladı var.
