Amerikalı müğənni Nikol Şerzinger və keçmiş reqbiçi Tom Evans yeddi illik münasibətlərdən sonra nişanlarını pozublar.

Dergi.az xəbər verir ki, ayrılıq barədə məlumatı sosial mediada Evans özü paylaşıb və ayrılığın təşəbbüskarı Şerzinger olduğunu bildirib. “Ağır ürəklə bildirirəm ki, artıq Nikol ilə birlikdə deyilik. Yeddi illik sevgi, sədaqət və ortaq gələcəyə inamdan sonra inanılmaz dərəcədə çətin bir dövr başladı. Bu, heç vaxt ümid etmədiyim bir nəticə olsa da, Nikolun qərarına hörmət edirəm və ona həyatının növbəti mərhələsində xoşbəxtlik arzulayıram”, – deyə o qeyd edib.

Şerzinger isə hələlik vəziyyəti şərh etməyib.

2024-cü ildə Şerzinger The Sunday Times-a verdiyi müsahibədə uşaqları çox istədiyini, lakin iş səbəbindən buna vaxt tapmadığını açıqlamışdı. 2025-ci ilin yayında isə o, Brodveydə “Sunset Boulevard” müziklindəki rolu üçün “Toni” mükafatı alması səbəbindən toy hazırlıqlarına başlamadığını bildirmişdi.

Şerzinger və Evans 2019-cu ildə “The X Factor: Celebrity” şousunun çəkilişlərində tanış olublar. 2023-cü ilin iyununda Evans müğənniyə Havay adalarında evlilik təklifi etmişdi.