Rusiyalı müğənni Nyuşa Moskva şəhərində keçirilən Crocus Fitness Awards 2026 mükafatlandırma mərasimində iştirak edib.

Dergi.az xəbər verir ki, Nyuşa bacısı Mariya Şuroçkinanın reanimasiyada olduğu bir vaxtda səhnəyə çıxaraq qısa paltarla çıxış edib və mükafatını bacısına həsr edib. O, “Bu mükafatı bacıma həsr etmək istəyirəm. O, mənim üçün böyük ilham mənbəyidir. Təəssüf ki, hazırda çətin vəziyyətdədir, amma onun bir döyüşçü olduğuna inanıram və hər şeyin yaxşı olacağına ümid edirəm” deyib.

Xatırladaq ki, Nyuşanın kiçik bacısı Mariya Şuroçkina Moskvadakı mənzilində biokamin yanarkən yanıq xəsarətləri alıb. Məlumata görə, onun bədəninin 32%-i yanıb və vəziyyəti ağır qiymətləndirilib, reanimasiyaya yerləşdirilib.

Nyuşa sosial mediada açıqlama verərək bacısının baş və üz nahiyələrinin zədələnmədiyini, lakin bədənində yanıq xəsarətləri olduğunu qeyd edib. O, dəstək göstərən hər kəsə təşəkkür edib. Mariyanın qardaşı isə onun sinə və qarın nahiyələrinin zədələndiyini və dəri transplantasiyasına ehtiyac duyulduğunu bildirib. Mariya Şuroçkina sinxron üzgüçülük üzrə ikiqat olimpiya çempionudur.