Müğənni Samir Bağırov həyat tərzində etdiyi dəyişikliklərdən və haqqında yayılan xəbərlərə münasibətindən danışıb.
Dergi.az xəbər verir ki, sənətçi “Sevilən səhər” proqramında əvvəl efirlərə və müxtəlif tədbirlərə gecikdiyini, çox yatdığını etiraf edib.
“Əvvəllər efirə, hər yerə gecikirdim, qeyri-dəqiq olmuşam. Çox yatırdım. Pandemiyadan sonra o qədər dəyişdim ki, indi 6-7, ən gec 8-də oyanıram”, – deyə Bağırov bildirib.
Müğənni artıq səhər saatlarında oyanmağa alışdığını deyib. Onun sözlərinə görə, hətta həmin vaxt ətrafında demək olar ki, heç kim oyaq olmur.
“Özümdən asılı deyil. Hava qaranlıqdır, heç kimə zəng etmək olmur, mən oyağam. Bir də Aygün Kazımova oyanır belə tez”, – deyə sənətçi zarafat edib.
Samir Bağırov haqqında yayılan xəbərlərə və efirlə bağlı söz-söhbətlərə də münasibət bildirib. O, əvvəllər bu cür xəbərlərin ona pis təsir etdiyini, lakin artıq əvvəlki kimi narahat olmadığını söyləyib.
“Haqqımda yayılan xəbərlər oldu. Bir az depressiyaya düşdüm. Əvvəl olsa, düşərdim, amma olmadı. Efirlə bağlı söz-söhbətlər yarandı. Məni heç həyəcanlandırmadı da. Əsas indi efirdəyəm”, – deyə Bağırov vurğulayıb.
