Türkiyənin tanınmış aktyoru Serhat Mustafa Kılıçın gözlənilməz vəfatı sənət aləmində böyük kədər yaradıb. “Seksenler” serialındakı Ergun Plak obrazı ilə məşhurlaşan aktyor sentyabrın 5-də evində ölü tapılıb.

Dergi.az xəbər verir ki, Kılıçın yaxın dostu və həmkarı Selim Bayraktar onun vəfatından danışarkən duyğusal açıqlamalar verib. İki aktyorun “Teşkilat” serialında birlikdə çalışması planlaşdırılırdı.

Bayraktar bildirib ki, uzun illərdir tanıdığı dostu keçmişdə xərçəng müalicəsi alıb və son dövrlərdə boyun nahiyəsində səhhət problemi yaşayıb.

“Serhat əvvəllər xərçəng müalicəsi almışdı. Son set gününə qədər birlikdəydik və boynu ilə bağlı problem yaşayırdı. Vəfatından bir gün əvvəl onu həkimə aparacaqdım, amma gəlmədi. ‘Təksən?’ deyə soruşdum. ‘Xeyr’ dedi, amma tək idi. Bəzən olacaq hadisələrin qarşısını ala bilmirsən. Mən Serhat üçün çox darıxıram”, – deyə aktyor bildirib.

Dostunun anım mərasimində də duyğusal anlar yaşayan Bayraktar onun haqqında xoş sözlər söyləyib.

“Konservatoriya illərindən bəri özünəməxsus, çox xüsusi zəkaya sahib və düşüncə adamı idi. Fərqli bir insan idi. Bir otağa daxil olanda dərhal hiss olunurdu, otaqdan çıxandan sonra belə varlığı orada qalırdı”, – deyə Bayraktar bildirib.

Serhat Mustafa Kılıç “Bizim Evin Halleri”, “Hatırla Sevgili”, “Ezel”, “Söz”, “Maraşlı” və “Seksenler” kimi məşhur seriallarla yanaşı, Nuri Bilge Ceylanın “Kış Uykusu” filmindəki rolu ilə də yadda qalıb.