Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun Göktürkdəki evində təmizlik işləri apararkən damdan yıxılaraq ağır yaralanan türkmənistanlı Bahadur Yangibayevin reanimasiyaya yerləşdirilməsindən sonra məsələ prokurorluğun nəzarətinə verilib.
Dərgi.az xəbər verir ki, evdə təmir işləri aparan A. A. saxlanıldığı müddətdə Tatlıtuğun vəkili olduğunu bildirən İbrahim Ateşin ona müqavilə imzalatdığını iddia edib. A. A.-nın vəkili isə İbrahim Ateş və Kıvanç Tatlıtuğ barəsində cinayət işi başlanması üçün prokurorluğa müraciət edib, həmçinin İstanbul Vəkillər Kollegiyasına intizam şikayəti verib.
Hadisə avqustun 31-də baş verib
HalkTV-nin məlumatına görə, hadisə avqustun 31-də Kıvanç Tatlıtuğun Göktürkdəkı evində baş verib. Evdə boya və suvaq işlərinin görülməsi üçün A. Alüminium şirkətinin sahibi 42 yaşlı A. A. və onun işçisi Ç. G. təmirə başlayıb.
İfadə və prokurorluğa təqdim edilən şikayət ərizəsində yer alan iddialara görə, təmir işlərindən sonra evin təmizlənməsinə ehtiyac yarandığı bildirilib. Tatlıtuğun sürücüsü A. Y.-yə A. A. bu işi görə biləcək bir şəxsi tanıdığını deyib.
Bundan sonra A. Y. ilə Türkmənistan vətəndaşı Bahadur Yangibayev arasında əlaqə yaradılıb və onlar görüləcək iş və əməkhaqqı barədə razılığa gəliblər.
Təmizlik zamanı damdan yıxıldı
A. A. və onun işçisi evin aşağı mərtəbəsində təmir işlərini davam etdirərkən Yangibayev də evdə təmizlik işlərinə başlayıb.
İş davam etdiyi vaxt qəfil güclü səs eşidilib. Yangibayevin təmizlik məqsədilə çıxdığı damdan yerə düşdüyü məlum olub.
Ağır xəsarət alan Yangibayev xəstəxanaya çatdırılıb. İlk tibbi müdaxilədən sonra reanimasiyaya yerləşdirilən şəxsin müalicəsinin davam etdiyi bildirilib.
Hadisədən sonra A. A. saxlanılıb. Onun Gaziosmanpaşa Baş Prokurorluğunda verdiyi ifadədə Yangibayevin öz işçisi olmadığını bildirdiyi, həmçinin nə özünün, nə də yanında çalışan şəxsin Yangibayevdən dama çıxmasını istəmədiyini söylədiyi qeyd olunur.
Saxlanıldığı vaxt müqavilə imzalatdırıldığı iddia olunur
A. A.-nın iddialarının əsas hissəsini polis bölməsində baş verdiyini bildirdiyi görüş təşkil edir.
Onun sözlərinə görə, saxlanıldığı müddətdə Kıvanç Tatlıtuğun vəkili olduğunu bildirən İbrahim Ateş onunla görüşüb və ona müəyyən sənəd, o cümlədən müqavilə imzalatdırıb.
A. A.-nın vəkili bu iddialarla bağlı İbrahim Ateş və Kıvanç Tatlıtuq barəsində prokurorluğa cinayət işi başlanması üçün müraciət edib. Eyni zamanda İstanbul Vəkillər Kollegiyasına da İbrahim Ateş barəsində intizam araşdırması aparılması tələbi ilə şikayət verilib.
İş üzrə istintaqın davam etdiyi bildirilir.
