Rusiyalı reper Timati (Timur Yunusov) müharibə fonunda dəbdəbəli həyat tərzi nümayiş etdirdiyinə görə sərt tənqid hədəfinə çevrilib.
Dergi.az xarici mediaya istinadən xəbər verir ki, qalmaqala səbəb sənətçinin bu yaxınlarda təxminən yarım milyard rubl dəyərində “Bugatti W16 Mistral” markalı avtomobil alması olub. Üstəlik, reperin təkcə avtomobilin utilizasiya rüsumu üçün 244 milyon rubl (təqribən 4,5 milyon AZN) ödədiyi məlum olub.
Rusiyada “peşəkar xəbərçi” kimi tanınan ictimai xadim Vitali Borodin reperin bu addımını qınayaraq onu “göstəriş həvəskarı” adlandırıb. Borodin Timatinin vətənpərvərliyini “özəl təyyarələr, bahalı yaxtalar və Kseniya Sobçakla qara kürü yeməkdən ibarət olduğunu” bildirib:
“Sənə təklif edirəm ki, xüsusi hərbi əməliyyat zonasına gedəsən. Heç olmasa bu pulun 10%-ni xərcləyib vətənpərvərliyini göstər. Gəl elə bu maşınla birbaşa uşaqlarımızın (hərbçilərin – red.) yanına gedək”, – deyə Borodin sosial şəbəkədə yazıb.
Borodinin bu tənqidi cavabsız qalmayıb. Timati onun paylaşımının rəy bölməsində qeyri-etik ifadə işlədərək, ictimai xadimi ağır şəkildə söyüb və uzaqlaşmasını tələb edib. Qısa müddət sonra isə reperin yazdığı həmin rəy gizlədilib.
