Aparıcı İlkin Həsəni parklanma haqlarının hesablanması ilə bağlı təklif irəli sürüb.

Dərgi.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşdığı videoda parklanma haqqının saatlıq deyil, avtomobilin faktiki dayandığı dəqiqələrə uyğun hesablanmasının daha ədalətli olduğunu bildirib.

İlkin Həsəni bu sistemin tətbiqinin həm sürücülər, həm də parklanma yerlərindən istifadə baxımından daha düzgün yanaşma olacağını qeyd edib:

“Maşınımızı dəqiqə ilə saxlayırıq, amma saatla ödəyirik. Niyə? AYNA və AzParking üçün bir təklifim var. Parklanma haqqı dəqiqəlik hesablansın.

Baxın, tutaq ki, 1 saatı 1 manat olan parkinqdə avtomobilimi saxlayıram. Yarım saatdan sonra çıxıb gedirəm və dərhal həmin yerə başqa bir avtomobil gəlir. O da yarım saat saxlayıb çıxır.

Nəticədə nə olur? Bir parkinq yeri üçün 1 saatlıq tarif 1 manat nəzərdə tutulubsa, artıq 2 manat ödənilmiş olur. Halbuki hər ikimiz yarım saat üçün 50 qəpik ödəsək, həmin parkinq yerinin 1 saatlıq haqqı yenə 1 manat edir.

Təklifim budur ki, 15 dəqiqəlik pulsuz parklanma qaydası olduğu kimi qalsın. Bu müddət keçdikdən sonra isə ödəniş avtomobilin dayandığı dəqiqələrə uyğun hesablansın. Sadəcə saatla deyil, dəqiqə ilə hesablansın.

Bu təcrübə xaricdə də tətbiq olunur — məsələn, Tallində, Niderlandda və digər şəhərlərdə.

Bir sözlə, nə qədər dayanmışamsa, o qədər də ödəyim. Məncə, bu, daha ədalətlidir”.

Qeyd edək ki, aparıcının təklifi parklanma xidmətlərində ödənişin faktiki istifadə müddətinə uyğunlaşdırılmasını nəzərdə tutur.

 

 

XƏBƏRİN VİDEOSU