Dizayner Aynur Xəlilova yutubda yayımlanan “Hərşeyşünas” adlı podkastının yeni mövsümünə start verib.
Dərgi.az xəbər verir ki, onun budəfəki həmsöhbəti Əməkdar artist Tahir İmanov olub.
Qadağalardan söz açan Tahir İmanov bir zamanlar silahdaşları olan həmkarları ilə bağlı sualları cavabsız qoyub:
“Bizə qadağa qoyan məmurlar indi vəzifə sahibi deyillər. Yenə də Allah onların canını sağ etsin. O dövrdə sözügedən məmurlar var idi. 1995-ci ildə biz dövlətin dəstəyi ilə çıxış etməyə başladıq. Beynəlxalq KVN arenasında ilk komandayıq ki, ölkə başçısı tərəfindən dəstəklənmişik. Həm maddi, həm də mənəvi. Ona görə bizə paxıllıq edirdilər. O dövrdə bu cür cəsarətli zarafat etmək, səhnəciklər göstərmək, siyası dövlət xadimlərini parodiya etmək, Milli Məclis səhnəsini göstərmək hər bir kollektivin işi deyildi. Nə bizdən qabaq, nə də bizdən sonra bunu edən olmadı. 1996-cı ildə Heydər Əliyevin iştirak etdiyi Milli Məclis səhnəciyini göstərdik. Mən desəm ki, bu böyük bir partlayış idi, az olar. Bu Azərbaycan yumor, satira tarixində bir inqilab idi. İndi mənə bunu desələr, bəlkə çəkinərdim. Heydər Əliyevdən çox böyük dəstək aldıq. Onun bizə bir ifadəsi oldu ki, mən sizinləyəm, heç kim sizə heç bir söz deyə bilməz. Bunu eşidən digər məmurlar bunu harasa qeyd etdilər. 18 il onlar bu anı gözlədilər və gördülər ki, KVN yiyəsiz qalıb. Bunlara o vaxta görə cəzasını verək. Biz də cəzamızı aldıq. Onlar elə bildilər ki, bu cəzadı, amma bizə görə bu, bir sınaq idi”.
Şərhlər