“Məndən soruşdular ki, “Alatava” serialına baxmısınız? Dedim, yox. Doğrudan da, baxmamışdım. Dedilər ki, başdan-ayağa söyüşdür. Mən də qayıtdım ki, əgər söyüşdürsə, bu yolverilməzdir, tərbiyəsizlikdir. Mən bu sözü demişəm, amma baxmayaraq”.
Axşam.az xəbər verir ki. bu sözləri Xalq artisti Rasim Balayev “Zarafat bir yana” verilişində deyib. O, daha sonra tənqid etdiyi seriala baxdığını və ekran işini bəyəndiyini bildirib:
“Amma sonra baxdım, yaxşı çəkilib. Orada bəzi sözlər var ki, onları əvəz etmək olardı. Məsələn, “zibilə düşdük” deyə bilərdi, orada başqa bir qoxunun gəlməyinə nə ehtiyac var? Bununla tamaşaçı o filmin qiymətini artırmır. Onu çəkən adamlar yaxşı, çox təbii danışırlar. Yaxşı cəhətləri çoxdur, amma o sözlərlə yenə barışmıram. Xoşuma gələn tərəfləri oldu. Aktyorlar çox gözəl oynayıb, aktual bir mövzudur. Amma cavanlar başa düşmək istəmir ki, gül kimi materialınız var, niyə özünüz onu korlayırsınız. O sözlər lazım deyildi.
Biz hamımız bu dünyada müvəqqətiyik. Bəzən deyirlər ki, bu qocalar cavanların qarşısını alır. Mən niyə qabağın alım? Bir dövrüm, vaxtım var idi, keçib getdi. Hər bir vəziyyətdə biədəb sözün əleyhinəyəm”.
Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid etmişdilər.
Şərhlər