V Şəki Beynəlxalq Teatr Festivalı sona çatıb. Festivalın son günündə Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib.
Dergi.az xəbər verir ki, tamaşanın quruluşunu Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarova verib. Tamaşaçılar arasında böyük maraq doğuran bu əsərdə Bahodir Əhmədov, Naufal Süleymanov və digər aktyorlar çıxış ediblər.
Tamaşanın ardından festivalın simvolu Mədəniyyət Nazirliyinin nümayəndəsi tərəfindən quruluşçu rejissora təqdim edilib. Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi isə Özbəkistan teatrının direktoruna Təşəkkürnamə təqdim edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov “Qızıl Pərdə” mükafatını festivalın qonaq teatrlarına təqdim edib və festivalın əhəmiyyətindən danışıb.
Festivalın bədii rəhbəri Mirbala Səlimli media nümayəndələrini festivalın işıqlandırılmasına görə təltif edib. Festivalda Qazaxıstan, Özbəkistan, İran və Azərbaycanın teatr kollektivləri iştirak ediblər.
