Mərhum Uels şahzadəsi Diananın həyatından bəhs edən “Eşidilməyən Diana” adlı üçseriyalı sənədli film 2027-ci ildə yayımlanacaq.

Dergi.az xəbər verir ki, layihənin əsasını Diananın şəxsi həyatı və kral ailəsi ilə münasibətləri barədə səmimi danışdığı beş saatlıq arxiv audioyazıları təşkil edəcək.

Yazılar 1991-ci ildə Kensinqton sarayında şahzadənin yaxın dostu, doktor Ceyms Kolturstun iştirakı ilə qeydə alınıb. İndiyədək ictimaiyyətə yalnız həmin yazıların ayrı-ayrı hissələri təqdim olunub.

Filmin yaradıcıları ilk dəfə olaraq bütün audioyazıları ixtisar edilmədən tamaşaçılara təqdim edəcəklər.

Diana söhbətlər zamanı şahzadə Çarlzla evliliyinin dağılmasından, Kamilla Parker-Boulzla münasibətlərindən, həmçinin oğulları Uilyam və Harridən danışır.